Bu axşam deyəsən mə`lulsan bir az,
- Şöhrət yaxşı şeymiş! – pıçıldayırsan,
- Bayaq filankəsi yola salıblar,
Az qala güllərə qərq olub qatar.

Yəqin ki, o cür də qarşılanacaq,
Çıxacaq yoluna təzə “Volqa”lar.
Alqış salon-salon, gül qucaq-qucaq,
Onundur efirdə bütün dalğalar.

Sənin bu halına yazığım gəlir,
Gülüm, mə`nasızdır, inan, bu xiffət.
Dürüst qazanıbsa, halalı olsun.
Ucuz qazanıbsa haramdı şöhrət.

Səni ər şöhrəti maraqlandırır,
Düşün, yaxşı düşün nə deməkdi ər.
Ər əgər ərdirsə, onun gözünə
Nə şöhrət görünər, nə sərvət, nə zər.

Çoxları bu yoldan bezdi, usandı.
Mətin olmalıyıq, hər şeydən mətin.
Çələngi hardansa çalmaq asandı,
Çələngi şərəflə daşımaq çətin.

Gülüm, ayırd elə tikanı güldən.
Tarix əyriləri gec-tez tanıyır.
Özünə yalandan şöhrət düzəldən
Xalqın şöhrətini çapıb-talayır.

İşləyək, çalışaq səssiz, əzizim.
Qoy səssizlik özü tufan yaratsın.
Gəl vuraq boynunu şöhrətimizin,
Təki amalımız şöhrətə çatsın.

Gün yox, əsrlərdin sənət me`yarı.
Gündəlik zəhmətdir ömrün özülü.
Bütün şöhrətlərdən üstün dayanır
Şöhrəti biganə kişi dözümü!

Yerində dağ kimi dursa sənətkar
Yüksələr qəlbinin ucalığına.
Əsrlər, nəsillər əlində çələng
Gələr ayağına, baş əyər ona!

Həyat nəyə bənzər? Ay şəlaləyə!
Cəmi bircə dəfə bar verən bağa.
Tələs mərd yaşayıb, gözəl ölməyə,
Tələsmə şöhrətə dustaq olmağa!

Bənd olma zahiri ad-sana, mülkə,
Dürlü nişanların yaraşığına.
Yetmiş cahangirin şöhrəti dəyməz
Mənim gözlərimin şe`r işığına.

Danmıram, yaxşıdır şöhrən çələngi,
Oğurluq deyilsə, saxta deyilsə.
Hətta lap ə`ladır: kişi şöhrəti
Xalqın şöhrətinə çevrilə bilsə.
1984