Posts Tagged ‘Şair’

Başlığın əhəmiyyəti yoxdur. Yazımla birbaşa əlaqəsi də həmçinin, məncə.

Yazım yazı haqdadır. Fikrim fikir haqda. Maraqlısı da odur ki, bu o qədər də maraqlı deyil.

Yazı yazmaq kimə və nəyə lazımdır? Şer adlandırılan cızma-qaralarımın əksəriyyətindən xoşum gəlmir. Onları çap etdirmir, tanışlar arasında yaymıram. Onda nə üçün yazıram? Nəyə lazımdır bu yuxusuz gecələrdə, uzun yol gedən qatarlarda, maraqlandırmayan dərslərdə arxa-arxaya düzülmüş hərflər, üst-üstə yığılmış sətrlər, ağrıdıcı biganəliklə vərəq üzərinə səpələnmiş bəndlər?

Yazı yazmaq lazımdır. Yazı yazmaq tələbatdır. Yazı yazmaq, fikir dünyaya gətirmək yaşamağa kömək edir. Güzgüdə gördüyüm dostum demişkən, “Gərək Allah olmaq istəyəsən ki, heç olmasa insan olasan”. Yazı yazmaq, fikir fikirləşmək insanı Allaha yaxınlaşdırır. Yaradıcılıq, yaratmaq qabiliyyəti Allaha xasdır. Mən isə insanları sevmirəm. Bəşəriyyəti də sevmirəm. İnsanlar zəif, cahil və miskin məxluqlardır. “Mən Allah olmaq istəyirəm, insanlardan bir şey çıxmadı.” – gəlir hərdən dəli ağlıma. Əstağfürullah, qətiyyən nəyəsə iddia etmirəm. Yaradan tək və mükəmməldir. Biz isə ancaq kamil ola bilərik.

Yazıları kim üçünsə yazmıram. Yazıların mövcudluğu onların oxunub-oxunmamağından asılı deyil. Necə ki Yaradanın varlığı ona inanların olub-olmamasından. O səbəbdəndir ki, Blog`umun reklam kompaniyasına, cızma-qaralarımın kitab cildinə düşməyə ehtiyyacı yoxdur. Adımın hardasa ucadan deyilməyini, kimliyimin açıqlanmasını istəmirəm.

Mən Pünhanam. Tanınmamışam, tanınmayacam da. Gizli dəftərlərdə fikirlərimi də, arzularımı da, hisslərimi də gizlədirəm. Düşündüyümü deməyə, dediyimi düşünməyə bilərəm. Sevdiklərimə sevdiyimi, gözlədiklərimə gözlədiyimi, darıxdıqlarıma darıxdığımı demək məcburiyyətində deyiləm. Özləri bilməlidirlər. Özləri inanmalıdırlar. Gizlədiklərimi bilməlidirlər, dediklərimə inanmalıdırlar. Dəlilsiz, sübutsuz.

Hamımız Pünhanıq. Bütün insanlar aysberq kimi öz əsas kimliyini soyuq və qaranlıq sular altında gizlədir. Gizli hisslərini aşikar edənlər ya ağılsız, ya da zəif, kompleksli şəxslərdir. Tanınmağa ehtiyyacı olanlar, şöhrətpərəstlər, adlarının səhnələrdən çəkildiyi üçün iş görənlər cahil, xəstə, yalançıdırlar. İlk növbədə özlərini aldadırlar. İdeyalarının reallaşması üçün şöhrət kimi çirkə dözənlərdir qəhrəmanlar. Şöhrət məqsəd deyil, vasitədir.

Oxumasın kütlə yazılarımı. Fikrimə nə PR, nə reklam gərək. Deyəcəm dostuma, dostum dostuna. Beləcə dünyanı fırlanacayıq. Fikir dəyərli olarsa, onun yayılması üçün şəxsiyyət və mənliyin şöhrət və xahiş kimi çirkinliklərə qurban verilməsinə ehtiyyac yoxdur. Düzgün və dürüst fikir özü özünü yayır.

Bəlkə də mən özüm də yalan deyirəm özümə. Bəlkə də kiminsə təsadüfən oxuyacağı ümüdü ilə yazıram. Kiməsə göndərməyə utanıram axı.

Yazım bir-iki söz, deyim şe’rdir,
Oxusun dostlarım, tərifləsinlər.
Deyim ki, sözlərim şamlar əridir,
Sətirlər gözləri hərifləsinlər.

Göndərim şe’r sandığımı
Tüm dostlara, dərgilərə.
Xəyal edim qələmimi, sandığımı
Düzəcəklər sıra-sıra sərgilərə.

Məclislərdə, hər kəs sərxoş olanda,
Durub hamı məndən şer istəsin.
Mən də lovğalanım: kef xoş olanda,
Könül istəyir ki, ustad söz desin.

Başa düşməsə də, hamı əl çalsın.
Yadda qalmasın heç bircə sözüm də.
Böyük-böyük danışmağım yadlarda qalsın.
Unudulsun şe’rlər, sonda özüm də.

Bilməyim ki, ayıq halda,
Üzümə yox, fəqət dalda,
Hər mənə tərif deyən şəxs
Edir cahilliyimdən bəhs.

Deyir ki, “nə? şairdir bu?”
“Belə şe’rdən ac qarnına qırx dənə”.
Deyir “guya mahirdir bu?”

Fikirdə nə, ağılda nə, sözdə nə…

23.12.08 2:15

Şerlər və şairlər

Author: Musa Punhan

Şerlər şairin göz yaşlarıdır.
Gizlədir hönkürtü, nalələrini.
Şerlər şairin yoldaşlarıdır,
Bilirlər dərdini, çarələrini.

Şairlər sevirlər payızı, qışı,
Soyuqlar onlara cənnət kimidir.
Şairə əzizdir gecə yağışı,
Əzablar da ona ləzzət kimidir.

Hər şair bilir öz zəifliyini.
Bilir ki, dünyada heçnəyi bilmir.
Şair var, görsədir zərifliyini,
Şair var, düşünür gizlicə, dinmir.

Şair olmaq üçün şer şərt deyil.
Elə şair var ki, əş`arı yoxdur.
Şer yazmamaq da qəti dərd deyil.
Dərdlidir qəmli kəs, qəmxarı yoxdur.

Gər iki misramı oxuyan kəslər,
Sizə də “şairdir Pünhan” deyirlər,
Çox olur həyatda belə həvəslər.
Mən şair deyiləm, yalan deyirlər.

17.07.08 3:29
Verviers