Feb
13
2009
Nöqtələr
Author: Musa PunhanSalamın da, sağolun da sonunda,
Sevincimə kölgə salır nöqtələr.
Olub bir Əzrail mələk donunda,
Cümlə başı canım alır nöqtələr.
Bir kiçik nöqtədən Fikirlər ölür,
Bir damcı mürəkkəb cümlələr bölür,
İnan, vergüllərdən nə xoşum gəlir,
Üzərimdə zəfər çalır nöqtələr.
Nöqtə təslim olmaz, nə də əyilməz,
Nöqtə incəlikdir, sözlə deyilməz.
Görəsən dünyaya aid deyil bəs?
Mənlə birgə fikrə dalır nöqtələr.
Cavabın sonunda göz yaşı kimi,
Cümlə məzarında baş daşı kimi,
Uzun yol gedənin yoldaşı kimi,
Sonda yenə tənha qalır nöqtələr.
13.02.09
1:44
Verviers, Belgium.