Posts Tagged ‘Mənasız’

Özdemir Asafı oxuduqdan sonra

Author: Musa Punhan

Məni dindirməyə çalışma,
Məni güldürməyə çalışma,
Danış, gül.

***

Məni görmək üçün, mənə baxma,
Məni eşitmək üçün, qulaq asma,
Bil ki, burdayam.

***

Məni öldürməkçün xəncər bəs deyil,
Bağrımı dəlməkçün pəncə bəs deyil,
Göz yaşın kifayətdir.

***

Nə deyirəmsə, yalandır, eşitmə.
Nə edirəmsə, səhfdir, görmə.
Demədiyimi, etmədiyimi anla.

***

İzn ver səni səmalara qaldırım,
İzn ver səni cəhənnəmə endirim,
Fəqət getmə, qaytarmayacam.

***

Qılıncımı sındırma, qalxanımı dəlmə.
Sinəmi deşməkçün nizəylə gəlmə.
Qılıncımın üstündə öl, səni dirildim.

02/07/09
22:07

ZŞS

Author: Musa Punhan

Ortada nəsə var.

Bayram

Author: Musa Punhan

Yenə bayram. Yenə sonsuz zənglər, yenə təbriklər və arzular. Yenə məcburən gülümsəməli, şirin dillə cavab vermək lazımdır.
Bayramları ləğv edin. Bayramlarda sinəmdə nəyinsə sıxıldığını hiss edirəm.

Qatar, yağış.

Author: Musa Punhan

Gəl gedək, bu axşama qatarda səfər və pəncərəyə döyən yağış sifariş etmişəm.

Qüvvə

Author: Musa Punhan

Bəzən, əlimizdə olan qüvvəni dərk edərkən, qisas almaq, o qüvvədən istifadə etmək imkanı çox cəlbedici olur. Bəzən qılıncı qaldıraraq tanıdığın zəif nöqtələrə dəqiq və güclü zərbə endirmək istəyirsən. Bəzən insanları incidərək onların əzab çəkdiklərini bilmək insana zövq verir.

Fəqət yox. Qılıncın ağırlığı məsuliyyət haqda xatırlatmalıdır. Bunu yadda saxlamaq lazımdır. Demək olar ki həmişə.

Başlığın əhəmiyyəti yoxdur. Yazımla birbaşa əlaqəsi də həmçinin, məncə.

Yazım yazı haqdadır. Fikrim fikir haqda. Maraqlısı da odur ki, bu o qədər də maraqlı deyil.

Yazı yazmaq kimə və nəyə lazımdır? Şer adlandırılan cızma-qaralarımın əksəriyyətindən xoşum gəlmir. Onları çap etdirmir, tanışlar arasında yaymıram. Onda nə üçün yazıram? Nəyə lazımdır bu yuxusuz gecələrdə, uzun yol gedən qatarlarda, maraqlandırmayan dərslərdə arxa-arxaya düzülmüş hərflər, üst-üstə yığılmış sətrlər, ağrıdıcı biganəliklə vərəq üzərinə səpələnmiş bəndlər?

Yazı yazmaq lazımdır. Yazı yazmaq tələbatdır. Yazı yazmaq, fikir dünyaya gətirmək yaşamağa kömək edir. Güzgüdə gördüyüm dostum demişkən, “Gərək Allah olmaq istəyəsən ki, heç olmasa insan olasan”. Yazı yazmaq, fikir fikirləşmək insanı Allaha yaxınlaşdırır. Yaradıcılıq, yaratmaq qabiliyyəti Allaha xasdır. Mən isə insanları sevmirəm. Bəşəriyyəti də sevmirəm. İnsanlar zəif, cahil və miskin məxluqlardır. “Mən Allah olmaq istəyirəm, insanlardan bir şey çıxmadı.” – gəlir hərdən dəli ağlıma. Əstağfürullah, qətiyyən nəyəsə iddia etmirəm. Yaradan tək və mükəmməldir. Biz isə ancaq kamil ola bilərik.

Yazıları kim üçünsə yazmıram. Yazıların mövcudluğu onların oxunub-oxunmamağından asılı deyil. Necə ki Yaradanın varlığı ona inanların olub-olmamasından. O səbəbdəndir ki, Blog`umun reklam kompaniyasına, cızma-qaralarımın kitab cildinə düşməyə ehtiyyacı yoxdur. Adımın hardasa ucadan deyilməyini, kimliyimin açıqlanmasını istəmirəm.

Mən Pünhanam. Tanınmamışam, tanınmayacam da. Gizli dəftərlərdə fikirlərimi də, arzularımı da, hisslərimi də gizlədirəm. Düşündüyümü deməyə, dediyimi düşünməyə bilərəm. Sevdiklərimə sevdiyimi, gözlədiklərimə gözlədiyimi, darıxdıqlarıma darıxdığımı demək məcburiyyətində deyiləm. Özləri bilməlidirlər. Özləri inanmalıdırlar. Gizlədiklərimi bilməlidirlər, dediklərimə inanmalıdırlar. Dəlilsiz, sübutsuz.

Hamımız Pünhanıq. Bütün insanlar aysberq kimi öz əsas kimliyini soyuq və qaranlıq sular altında gizlədir. Gizli hisslərini aşikar edənlər ya ağılsız, ya da zəif, kompleksli şəxslərdir. Tanınmağa ehtiyyacı olanlar, şöhrətpərəstlər, adlarının səhnələrdən çəkildiyi üçün iş görənlər cahil, xəstə, yalançıdırlar. İlk növbədə özlərini aldadırlar. İdeyalarının reallaşması üçün şöhrət kimi çirkə dözənlərdir qəhrəmanlar. Şöhrət məqsəd deyil, vasitədir.

Oxumasın kütlə yazılarımı. Fikrimə nə PR, nə reklam gərək. Deyəcəm dostuma, dostum dostuna. Beləcə dünyanı fırlanacayıq. Fikir dəyərli olarsa, onun yayılması üçün şəxsiyyət və mənliyin şöhrət və xahiş kimi çirkinliklərə qurban verilməsinə ehtiyyac yoxdur. Düzgün və dürüst fikir özü özünü yayır.

Bəlkə də mən özüm də yalan deyirəm özümə. Bəlkə də kiminsə təsadüfən oxuyacağı ümüdü ilə yazıram. Kiməsə göndərməyə utanıram axı.

Author: Musa Punhan

Bəzən gücümüz bizi tərk edir. Nə sevinməyə, nə kədərlənməyə taqətimiz olmur.

Bəzən həssaslığımız, marağımız bizi tərk edir. İnsanların hisslərini bölüşməyi, baş verənlərə ürəkdən yanaşmağı bacarmırıq.

Sonda isə, bu haldan çıxanda, bütün toplanmış hadisələrin, hisslərin öhdəsindən birdən gəlməli oluruq.

Reminder

Author: Musa Punhan

Update`ə ehtiyyac var, yoxsa yazılar yenə itəcək.

Şikayətlənmək də, özü haqda durmadan danışmaq da uşaqlara, ya da qocalara (söhbət yaşdan getmir) xas olan keyfiyyətdir. Hər ikisi ətrafdakıların diqqətinə ehtiyyac duyurlar.

20 yaş nədir ki?

Author: Musa Punhan

20 yaş, adətə görə, əlamətdar tarix olmalıdır. 20 yaşında insan enerji dolu, güclü və sabaha inamlı olmalıdır (deyilənə görə).

Nəisə..sözümün canı bunda deyil.
Uşaqlıqdan, 20 yaşlılar mənim gözümdə artıq yetişmiş, daim xarizmatik insanlar kimi görsəniblər. Halbu ki, artıq həyatımın 20-ci ilini başa vurmaq üzrə olduğum halda, nə özümün, nə də gördüyüm işin zərrə qədər də `vision`ıma uyğun gəlmədiyini başa düşürəm.

Bəlkə də başqaları elə mənim də nəvaxtsa aldandığım kimi aldanır. Bəzəkli stəkanın içini görmədikləri üçün, onun dolu olduğunu düşünür insanlar. Su ilə dolu şəffaf bir qab isə cahillərə boş kimi gəlir. Həyat doğurdan da qəribədir.

Bayramların yaxınlaşması özünü biruzə verir, çox güman ki.