Həyat bir ağacdır, ailən budaqlar,
Nə olsa da, hər budağın qədrin bil
Çiçəklər sevgidir, dostluq – yarpaqlar,
Gül tez solar, sən yarpağın qədrin bil.
Azər oğlu, yolun Vətən yoludur,
Düşmənlər bu yolun sağı-soludur,
Torpaq altı şəhidlərlə doludur,
Heç olmasa, o Torpağın qədrin bil.
Bir qarış torpaqdan keçməm ölüncə,
Yaşaram Vətəni vahid görüncə,
Qürbət elin şənliyində gülüncə,
Öz elində, yasda ahın qədrin bil.
Dahilər yaradıb dahi dövləti,
İstiqlala gətirdilər milləti,
Hərdən düşünərək sən o xilqəti,
Dalğalanan bu bayrağın qədrin bil.
Qərib yerin yaz-qışından sənə nə?
Gündə yağan yağışından sənə nə?
Özgəsinin yaxşısından sənə nə?
Öz pisini tutub yaxın, qədrin bil.
“Hər kimsə Vətənin cənnət bilməsə,
Axirət günündə cəzası varmış”
07.10.07
Brüsseldən qayıdarkən qatarda.