Şairanə fikirlər.
Şerlər
Bölüşmək istəmədiklərimdən
Sep 22nd
Nədənsə çox şəxsi sandığım cızma-qaralarımdan ikisi. Xahişləri yerə salmaq düzgün deyil.
Eylə bimarəm ki, dəhrdə bir dərmanım yox,
Qəmə bürünmüş aləmdə səhhətə gümanım yox.
Təbiblər çox çalışmış əlac qıla dərdimə,
Qəti, bu işdə müşkülüm çox, asanım yox.
—
Bəlai-cahandan mən olmuşam bimar bu gecə,
Olubdur halım pərişan, gözüm ağlar bu gecə.
Tutsam da qəmim xilqərdən gər nihan daim,
Ahü-əfğan edəcəm, çün səbəbim var bu gecə.
Hər zaman sağərü-səhba qəmə qəmxar olubdur,
Qalıb nə cəmdə mey, nə də bir qəmxar bu gecə.
Loğman belə aciz qalar mərizim önündə,
Olmuşam bir əlacsız dərdə giriftar bu gecə.
Pünhan, deyirlər zər qədrini zərgar bilər,
Maləsəf, tapılmaz bunca zərə bir giriftar bu gecə.
08.08
Hardadır?
Aug 28th
Bilməzəm nə yoldayam, ruhi-rəvanım hardadır,
Mən kiməm, yolum nədir, axır məkanım hardadır.
Sərasər çox şəmlərə pərvanə oldum bilmədən,
Söyləyin, aşiq mənəmsə, bəs cananım hardadır?
Daima dərdlər qılıbdırsa pərişan halımı,
Bilmədim bimarlığım nə, ya dərmanım hardadır.
Düşün, çox arxayın olma özünə, ey qafil!
Soracaqsan, ayılıb bir gün, “zamanım hardadır?”
Sandım etməm dəxi meydani-məhəbbətdə xəta,
Söyləyin kim, məhəbbət nədir, meydanım hardadır?
Hər zaman mən bu xilqətə gəncimi pünhan dedim,
Öylə etdim, unutdum gənci-pünhanım hardadır.
27/08/08 3:25
Şerlər və şairlər
Jul 17th
Şerlər şairin göz yaşlarıdır.
Gizlədir hönkürtü, nalələrini.
Şerlər şairin yoldaşlarıdır,
Bilirlər dərdini, çarələrini.
Şairlər sevirlər payızı, qışı,
Soyuqlar onlara cənnət kimidir.
Şairə əzizdir gecə yağışı,
Əzablar da ona ləzzət kimidir.
Hər şair bilir öz zəifliyini.
Bilir ki, dünyada heçnəyi bilmir.
Şair var, görsədir zərifliyini,
Şair var, düşünür gizlicə, dinmir.
Şair olmaq üçün şer şərt deyil.
Elə şair var ki, əş`arı yoxdur.
Şer yazmamaq da qəti dərd deyil.
Dərdlidir qəmli kəs, qəmxarı yoxdur.
Gər iki misramı oxuyan kəslər,
Sizə də “şairdir Pünhan” deyirlər,
Çox olur həyatda belə həvəslər.
Mən şair deyiləm, yalan deyirlər.
17.07.08 3:29
Verviers
Qarışıq aləm
Jul 17th
Nəvaxtsa biləcəm nədən insanlar
Bu qədər zəifdir, bu qədər miskin.
Kimlərdir adam yox, insan olanlar,
Hardan qəlbdə şübhə, fikirdəsə kin.
Nə üçün insanlar alçaqlıq edir?
Nə üçün unudub bəs qeyrətini?
Nədəndir, kiməsə yaltaqlıq edir,
Taptalayib o öz şəxsiyyətini?
Kimdir dirəyimiz pis günümüzdə?
Dostlarmı, sevgilim, ya ailəmmidir?
Yəqin ki, hamısı. Amma bilmirəm,
Sual verən mənəm, ya aləmmidir?
Sərməst də deyiləm dərk etməməkçün
Kainat nə, bəşər nə, ya dünya nədir?
Həm də çox gücsüzəm tərk etməməkçün,
Həm bilmirəm ki, düzgün ya nədir?
17.07.08 2:40
Verviers
Köçəbə
Jul 15th
Köç edir insanlar tarix boyunca,
Köç edir yaylağa, sonra qışlağa.
Vətənlə oynayıb, sanıb oyuncaq,
Köçür başqa yerə, yeni torpağa.
Köçürlər iynələr qoldan-qollara,
Cavanlar düşürlər başqa yollara.
Bəzən, eşqi atıb, başqa ürəyə
Köçürlər Məcnunlar qorxub ölümdən.
Yarpaq da qoparaq düşür küləyə,
Deyərək “dünyanı gedim görüm mən”.
Qızlar da köç edir Ata evindən,
Gedərək başqa bir evi qurmağa.
Halallaşıb, öpüb ana əlindən,
Gedirik düşmənə zərbə vurmağa.
Bu köçəri dünyaya çox dözmüşəm,
Keçmişəm həyatda bəmdən mən zilə,
Nəqədər köçəllər? Artıq bezmişəm,
Bir dəfəlik köçüm axır mənzilə.
08.06.08
…qədrin bil
Jul 12th
Həyat bir ağacdır, ailən budaqlar,
Nə olsa da, hər budağın qədrin bil
Çiçəklər sevgidir, dostluq – yarpaqlar,
Gül tez solar, sən yarpağın qədrin bil.
Azər oğlu, yolun Vətən yoludur,
Düşmənlər bu yolun sağı-soludur,
Torpaq altı şəhidlərlə doludur,
Heç olmasa, o Torpağın qədrin bil.
Bir qarış torpaqdan keçməm ölüncə,
Yaşaram Vətəni vahid görüncə,
Qürbət elin şənliyində gülüncə,
Öz elində, yasda ahın qədrin bil.
Dahilər yaradıb dahi dövləti,
İstiqlala gətirdilər milləti,
Hərdən düşünərək sən o xilqəti,
Dalğalanan bu bayrağın qədrin bil.
Qərib yerin yaz-qışından sənə nə?
Gündə yağan yağışından sənə nə?
Özgəsinin yaxşısından sənə nə?
Öz pisini tutub yaxın, qədrin bil.
“Hər kimsə Vətənin cənnət bilməsə,
Axirət günündə cəzası varmış”
07.10.07
Brüsseldən qayıdarkən qatarda.