Archive for the ‘Mübarizə yolunun qaydaları’ Category

Başlığın əhəmiyyəti yoxdur. Yazımla birbaşa əlaqəsi də həmçinin, məncə.

Yazım yazı haqdadır. Fikrim fikir haqda. Maraqlısı da odur ki, bu o qədər də maraqlı deyil.

Yazı yazmaq kimə və nəyə lazımdır? Şer adlandırılan cızma-qaralarımın əksəriyyətindən xoşum gəlmir. Onları çap etdirmir, tanışlar arasında yaymıram. Onda nə üçün yazıram? Nəyə lazımdır bu yuxusuz gecələrdə, uzun yol gedən qatarlarda, maraqlandırmayan dərslərdə arxa-arxaya düzülmüş hərflər, üst-üstə yığılmış sətrlər, ağrıdıcı biganəliklə vərəq üzərinə səpələnmiş bəndlər?

Yazı yazmaq lazımdır. Yazı yazmaq tələbatdır. Yazı yazmaq, fikir dünyaya gətirmək yaşamağa kömək edir. Güzgüdə gördüyüm dostum demişkən, “Gərək Allah olmaq istəyəsən ki, heç olmasa insan olasan”. Yazı yazmaq, fikir fikirləşmək insanı Allaha yaxınlaşdırır. Yaradıcılıq, yaratmaq qabiliyyəti Allaha xasdır. Mən isə insanları sevmirəm. Bəşəriyyəti də sevmirəm. İnsanlar zəif, cahil və miskin məxluqlardır. “Mən Allah olmaq istəyirəm, insanlardan bir şey çıxmadı.” – gəlir hərdən dəli ağlıma. Əstağfürullah, qətiyyən nəyəsə iddia etmirəm. Yaradan tək və mükəmməldir. Biz isə ancaq kamil ola bilərik.

Yazıları kim üçünsə yazmıram. Yazıların mövcudluğu onların oxunub-oxunmamağından asılı deyil. Necə ki Yaradanın varlığı ona inanların olub-olmamasından. O səbəbdəndir ki, Blog`umun reklam kompaniyasına, cızma-qaralarımın kitab cildinə düşməyə ehtiyyacı yoxdur. Adımın hardasa ucadan deyilməyini, kimliyimin açıqlanmasını istəmirəm.

Mən Pünhanam. Tanınmamışam, tanınmayacam da. Gizli dəftərlərdə fikirlərimi də, arzularımı da, hisslərimi də gizlədirəm. Düşündüyümü deməyə, dediyimi düşünməyə bilərəm. Sevdiklərimə sevdiyimi, gözlədiklərimə gözlədiyimi, darıxdıqlarıma darıxdığımı demək məcburiyyətində deyiləm. Özləri bilməlidirlər. Özləri inanmalıdırlar. Gizlədiklərimi bilməlidirlər, dediklərimə inanmalıdırlar. Dəlilsiz, sübutsuz.

Hamımız Pünhanıq. Bütün insanlar aysberq kimi öz əsas kimliyini soyuq və qaranlıq sular altında gizlədir. Gizli hisslərini aşikar edənlər ya ağılsız, ya da zəif, kompleksli şəxslərdir. Tanınmağa ehtiyyacı olanlar, şöhrətpərəstlər, adlarının səhnələrdən çəkildiyi üçün iş görənlər cahil, xəstə, yalançıdırlar. İlk növbədə özlərini aldadırlar. İdeyalarının reallaşması üçün şöhrət kimi çirkə dözənlərdir qəhrəmanlar. Şöhrət məqsəd deyil, vasitədir.

Oxumasın kütlə yazılarımı. Fikrimə nə PR, nə reklam gərək. Deyəcəm dostuma, dostum dostuna. Beləcə dünyanı fırlanacayıq. Fikir dəyərli olarsa, onun yayılması üçün şəxsiyyət və mənliyin şöhrət və xahiş kimi çirkinliklərə qurban verilməsinə ehtiyyac yoxdur. Düzgün və dürüst fikir özü özünü yayır.

Bəlkə də mən özüm də yalan deyirəm özümə. Bəlkə də kiminsə təsadüfən oxuyacağı ümüdü ilə yazıram. Kiməsə göndərməyə utanıram axı.

Həvəskar şer yazan bir cavan Ramiz Babadan soruşur: “Baba, məndən hərdən şer oxumağımı istəyirlər. Bu nəqədər düzgündür? Özünü göstərmək demək deyil ki?”

Ramiz Baba gülümsəyib belə cavab verdi: Hər bir insan özündə yaradıcı və dağıdıcı qüvvə daşıyır. Birincisi bizi Yaradana daha da yaxınlaşdırır. Yaradıcılıq incəsənətdə və yaxud digər əməllərdə ola bilər. Ancaq yaradıcılıq yalnız onunla bölüşəndə faydalı olur. Əgər müəllifin sən olduğunu istəmirsənsə, təxəllüs seç və adını bildirmə.

Həqiqi mübariz həyatını bu və ya digər üsulla yaradıcılığa həsr etməlidir və onunla bölüşməyi bacarmalıdır.

Tələbə illərində, Ramiz Baba dayısının yanına getmişdi. Onlar arasında o vaxtlar üçün qəribə bir söhbət baş tutub.

- Dayı, hər zaman Allah deyirsiniz. Yaxşı, bəs Allah nədir?

- Oğul, yer kürəsi öz oxu ətrafında fırlanır. Niyə belə olur?

Ramiz Baba bu fenomeni izah edən astronomiya qaydalarını yadına salır.

- Yaxşı, bəs Yer kürəsi günəş ətrafında fırlanır. O necə olur?

Ramiz Baba bunu da izah edir.

- Yaxşı, bəs bütün Günəş sistemi eyni zamanda hərəkət edir. Bunu hansı qanun ilə izah edə bilərsən?

Ramiz Baba burada da Keppler adında bir alimə istinad edərək prosesi izah etdi. Ona gülümsəyərək baxan Dayısı, belə cavab verdi.

- Bax bütün bu qanunları işlədən qüvvəyə biz Allah deyirik.

Həqiqi mübariz dünyada həmin bu Qüvvənin mövcud olduğunu heçvaxt unutmur

Qayda 8

Author: Musa Punhan

Həqiqi mübariz heçkəsi qınamır.

Həqiqi mübariz, özünün də, hamı kimi, Allahın bəndəsi olduğunu unutmayaraq, özünü heçkəsdən üstün tutmur.

Həqiqi mübariz, hərənin öz həyatı olduğunu unutmayaraq, hər kəsə öz şəxsi fikri, mövqeyi və həqiqətinin olması haqqını tanıyır.

Həqiqi mübariz özündən fərqliləri, fərqlilikləri ilə sevir. Fransız Mübarizi Antuan de Sent-Ekzüperi yazır : « Fərqliliyinlə, sən məni zənginləşdirirsən ». Bunu unutmayan mübariz, ona bənzəməyən insanları nəinki olduqları kimi qəbul edir, həm də onların özündən yaxşı olmasını istisna etmir və, lazım olanda, onlardan nəyisə öyrənməyi özünə eyib bilmir. Eyni zamanda, heçkəsin təsiri altına da düşmür.

Həqiqi mübariz heçkəsi qınamır. Hökmü ancaq Yaradan verə bilər.

Qayda 7

Author: Musa Punhan

Həqiqi mübariz nə yaxşılığı, nə pisliyi unutmur. Bununla belə, yaxşılıq üçün minnətdar olsa da, pisliklər üçün kinli olmur.

Həqiqi mübariz onu yolda tərk edən silahdaşlarını qınamır. O bu qırılmanın səbəblərini axtarır və olunan satqınlığa baxmayaraq, keçilən yol ərzində bərabər apardıqları mübarizəni və birgə əməklərini də unutmur.

Həqiqi mübariz, ona olunan yaxşılığı xatırlatmaq imkanını vermir. O, dinmədən, özündə dərin hörmət və minnətdarlığı daim daşıyır.

Həqiqi mübariz satqınlığı da unutmur. Kin hissinə diqqət etməsə də, gələcək üçün nəticələr çıxarır və qarşılığında pislik etməsə də, kimin nəyə qadir olduğunu xatırlayır.

Qayda 6

Author: Musa Punhan

Həyat boyu bütün insanlar mütamadi olaraq seçim qarşısında dururlar.

Bəzən həyat bizə “dəliliklər” təklif edir. Uzun səfərlər, həyatı kökündən dəyişmək və yaxud da bizdən gözlənilənin tam əksini etmək.

Həqiqi mübariz bu təklifləri rədd etmir. O, özünə inanaraq, istədiyinə doğru irəliləməklə bərabər, həyatın axarına atılmağı da bacarır. Yolçuluğuna fasilə verib, daha da təkmilləşmək üçün müvəqqəti olaraq digər istiqamətə gedən cığırı seçməkdən qorxmur. Əgər bu yol doğurdan da onundursa, o bura daha da çox əminliklə və inamla qayıdacaq.

Qayda 5

Author: Musa Punhan

Həqiqi mübariz qərar verməkdən qorxmur. Əgər qərar verməyə cürət etmirsə, ağlını işdən kənarlaşdırıb, hisslərinə qulaq asır.

Həqiqi mübariz, qərarının nəticələrindən qorxmur. Əgər qərarı doğrudursa, hər şeyə nail olacaq. Əks halda, səhvini tanıyıb sonuna qədər mübarizə edib məğlubiyyətini qəbul edir və yaxud mübarizədən kənarlaşıb başqa vasitə axtarır, səhvindən isə nəticə çıxarır.

Həqiqi mübariz qərarını dəyişməkdən qorxmur. Əgər öncədən verilən qərar düzgün deyilsə və başqalarına zərər gətirə bilərsə, o daha münasib yolu seçməkdən utanmır. Silahdaşlarının və rəqiblərinin tənqidinə baxmayaraq, o öz qərarının və seçiminin həqiqi səbəbini bilir.

Həqiqi mübariz qorxmaqdan qorxmur, ancaq qorxaqlıq da etmir.

Qayda 4

Author: Musa Punhan

Bəzən, mübarizlər rəqiblərinə olan hisslərinə qapanaraq, onlara paxıllıq edərək, rəqibin addımlarına və qərarlarına diqqət edə bilmirlər. Buna görə də, Mübarizə Yolunun sonuna çatmaq üçün, mübariz ürəyində olan bütün çirkinlikləri təmizləməlidir.

Rəqibin gördüyü işə və atdığı addımlara obyektiv yanaşaraq, etdiklərinin böyüklüyünü qeyd etməyi bacarmaq lazımdır. Bununla, mübariz təcrübə qazanır və silahdaşlarına ədalət anlayışını aşılayır.

Paxıllıq insan ürəyini çirkləndirir, gözlərini kor edir. Mübariz Yola başlamadan ürəyini bütün çirkinliklərdən təmizləməli, Yol boyu rastlaşdığı bütün məxluq və ünsürlərə hörmətlə yanaşmalıdır.

Qayda 3

Author: Musa Punhan

Əsil mübariz Koroğlunun nəsihətini unutmalı deyil.

Koroğlu mərdliyi qala dünyada,
İgid gərək başda sevda qaynada,

Sevginizi bölüşün. Heçkəs kimi, mübarizlər də əbədi yaşamır. Getdikləri keşməkeşli yollar onların həyatını daha da təhlükəyə atır. Buna görə də, sevdiyiniz insanlarla, ertələmədən, sevginizi paylaşın. Yaxınlarınıza onlarla fəxr etdiyinizi, onlara oxşamaq arzunuzu, ehtiram hissinizi bildirməkdən qorxmayın.

Silahdaşlarınızı və düşmənlərinizi xüsusən sevin. Silahdaşlarınıza döyüş meydanında onlarla çiyin-çiyinə durduğunuzdan şərəf duyduğunuzu gizlətməyin. Düşmənlərinizi isə mövcud olduqlarına, sizə güc və Yolunuzun düzgün olmasına inam verdiklərinə görə sevin.

Bununla belə, mübariz sevdanın onu kor etməsinə, dahi Məqsədindən yayınmasına imkan verməli deyil.

Sevməyi bacarmayan insan mərd ola bilməz.

Qayda 2

Author: Musa Punhan

İnsanların sənə inanmağından sui-istifadə etmə. Silahdaşlarının sənə olan inamından istifadə edib onlara yalan vəya dəyişdirilmiş doğrunu demə. Yalanına belə kor-koranə inanacaqlarına baxmayaraq, insanlara ancaq həqiqəti de.

Bununla, sən onların sənə olan inamını doğruldur və daha da artırırsan.

Sözü dürüst olan insanın əməli də dürüst və ədalətli olur. Belə insana arxalanmaq, həyatını güvənmək olar.

 

Növbəti qayda: rəqiblərə paxıllıq