Şairanə fikirlər.
Misc.
Dillər
Dec 16th
İnsanlarla düzgün danışmağı bacarmırsansa, bu boyda dil bilməyinin bir köpüy dəyəri yoxdur.
Lovğa
Dec 15th
Əvvəlki yazımı oxudum, belə bəyanat gəldi ağlıma:
“Mən nəvaxtsa deyəndə ki “dünyanı bir atomla izah edə bilərəm”, siz mənə gülürdünüz.”
Bakıya qayıdanda gedib ibtidai sinif rəhbərimə deyəcəm. Bəlkə də o gülməyi ilə məndə olan böyük fəlsəfi-kimyaçını öldürdü? :) Bəlkə mən kimyanın Dekartı ola bilərdim? :)
Heçnə yaranmır, heçnə yox olmur – hər şey dəyişir
Dec 15th
Elə bilirsiniz ki, Antuan de Lavuaziyedən danışacağam?
Xeyr. Qətiyyən.
Əlaqələrdən danışacam.
Bugün Facebook`da köhnə sinif yoldaşım elə başlıqda yazdığım cümləni statusunda yazdı. Demə ximyadan imtahanı artıq verib. Sadəcə insanlar arasındakı əlaqələri nəzərdə tuturmuş.
Doğurdan da. Əlaqələr nə yaranır, nə də yox olur. Onlar sadəcə olaraq dəyişir.
III World War
Dec 11th
Bir ay bundan əvvəl, Avropa 1-ci dünya müharibəsinin sonunun 90-cı ildönümünü qeyd etdi. Təklif edirəm ki, bu müharibənin tarixinə bir nəzər salaq, sonra isə indi dünyada baş verən proseslərlə əlaqə axtaraq.
Birinci Dünya Müharibəsi ilk olaraq ittifaq müharibəsi olmuşdur. Avropanın mərkəzində yerləşən Almaniya və Avstro-Macar imperiyasının və İtaliyanın “Üçlük” birliyinə cavab olaraq, Fransa İngiltərə və Russiya ilə ittifaqa girir. Beləliklə, “Antanta” qurulur. İngiltərə və Fransanın məhs Russiya ilə birləşməsi ilk növbədə stratejik məqsəd daşıyırdı. Antantanın yaranması “Üçlüyü” coğrafi olaraq mühasirəyə alır, ki bu da müharibənin başlamasına təkan verən qüvvələrdən biri olur.
Gəl, qoşul bizlərə…
Dec 8th
Deyirəm eşq olsun =)
Bir zamanlar Vətənə dönüşümdə kiçik bir dərvişlik etmək istəyirdim. Elə indi də istəyirəm. Ayaqla Bakıdan kəndimizə qədər getmək. İnsanlarla danışmaq, öyrənmək, öyrətmək. Başa düşüb, başa salmaq. Xülasə, insanlaşmaq gözəl olardı.
Son bir-neçə həftə ərzində isə belə bir fikir ağlımdan çıxmır. Ali məktəbə daxil olmadan əvvəl sufilərin yanında bir müddət yaşamaq. Məsləhət almaq üçün münasib insan, çox şükür ki, var. Gərək danışım, fikrini öyrənim. Öncəki yazımı nəzərə alaraq, bunu etmək mənə çox şey gətirə bilər. İlk növbədə elə “insanlaşmaq” üçün.
Həyat, sən nə qəribəsən?
Dec 8th
Bu internetsiz vaxtlarımda qısa yazılara maraq daha da artır. Bu gün belə bir fikir gəldi beynimə: insana həyatında müəyyən qədər şanslar verilir. Zənginlik, kamillik, uzaq diyarlara səfərlər və sair kimi. Bu şanslardan istifadə etmək isə o qədər də asan deyil. Bunun üçün gözü-bağlı özünü həyatın axarına buraqmalısan. Kim üçünsə bu çox gözəl, kim üçün isə acınacaqlı nəticələnə bilər. Ancaq məncə bunu yaşamağa dəyər. Bu risk insanı kökündən dəyişir və məncə çox az hallarda xeyir gətirmir.
"hə"lər və "yox"lar.
Dec 8th
Qar da yağdı, qış da gəldi, mühit də dəyişdi. Nələr olmadı… Ancaq yenə də nəsə çatışmır. Dəyişməyən bircə Flora xanımın oxuduğu mahnıdır.
“Yenə tapılmadı, payız gəlincə, o uzaq günlərin itmiş açarı”.
Hər bir insan həyatı boyu nələrisə öyrənir, bəzi keyfiyyətlər isə onda öncədən olur. Bu qısa həyatım boyu etdiyim saysız-hesabsız səhvlərə baxmayaraq, ən azından bir şeyi etməyi hər zaman üstün tutmuşam – “hə” fikirləşəndə “hə”, “yox” fikirləşəndə isə “yox” deməyi.
Ətrafdakılar və biz
Dec 8th
İnsanlar bizi sevir, nifrət edir, hörmət edir, inanır, qınayır, ucaldır, alçaldır… Belə düşünmək olar ki, bizim kim olduğumuz ətrafımızdakı insanlardan asılıdır. Müəyyən dərəcədə bu bəlkə də belədir, ancaq əslində, kimliyimiz ancaq və ancaq bizdən asılıdır. Ən bahalı paltarı geyinib ətrafınızdakıların diqqət mərkəzinə çevrilsənizdə, ən adi geyimdə nəzərə çarpmasanız da, siz eyni insansınız. Sadəcə olaraq, zəifliyimiz üzündən, ətrafdakıların rəyi müsbət olduqca, özümüzə inamımız da artır. Əgər “dünya malından” gözümüzü çəksək, buna ehtiyyacımız olmayacaq və biz fikrimizi şəxsi inkişafımızda cəmləşdirə biləcəyik.
Cəsarət
Dec 8th
Cəsarət də, ağıl kimi, işlənməyəndə köhnəlir və paslanır.
Uzun müddət cəsarətsizlik edən və qarşıdurmalardan qaçan hər kəs müəyyən vaxtdan sonra qorxağa çevrilir. Cəsarətli olmaq üçün, cəsarətli addımlar atmaq lazımdır.
Kiçik qarşıdurmalardan qaçan hər bir kəs əsas döyüşdə cəsarət göstərə bilməz. Cəsarətinizi durmadan itiləyin.
Peyğəmbərlər kimdir?
Oct 1st
Bayram günü vaxt tapıb yemək yeməyə aşağı düşmüşdüm. Orda ikən, 10 dəqiqəlik televizora da baxdım. Həzrəti-İbrahimin həyatı haqda veriliş verirdilər. Bu məqamda iki fikir gəldi ağlıma. Biri ilə bölüşmək istəyirəm.
Gəlin əsas peyğəmbərlərimizə nəzər yetirək.
Həzrəti-İbrahim bütpərəstliyə qarşı mübarizə aparırdı. Monoteist imanı gətirərək, din aləmində inqilab etdi.
Həzrəti-Musa xalqını Misir fironlarından xilas etməklə inqilab etdi.
Həzrəti-İsa yahudi cəmiyyətinin köhnəlmiş və konservativ dini və ictimai fikirlərini kökündən dəyişərək inqilab etdi.
Həzrəti-Məhəmməd Ərəb cəmiyyətində və dövlətçiliyində inqilab etdi.
Bu ancaq mənim məhdud biliklərim çərçivəsində gördüklərimdir. Bütün peyğəmbərlər bu vəya digər üsulla, sonunda inqilaba gətiriblər. İctimai, siyasi və dini sahələrdə yenilik ediblər, köhnəlmiş dəyərləri və anlayışları kökündən kəsiblər.
Əgər peyğəmbərlər inqilabçıdırlarsa, onda inqilabçılar kimdir?