Məni rahat qoya bilmir məhəbbətim…

İçib-içib, bu qanımdan,
Alıb-alıb, bu canımdan,
Hər günümdən, hər gecəmdən,
Hər anımdan doya bilmir məhəbbətim.
Məni rahat qoya bilmir məhəbbətim.

Dostuma deyir ki sözümü kəssin,
Ülgücə deyir ki üzümü kəssin.
Yaşlar görmək istəyir gözümdə deyəsən,
Şəkil çəkmək istəyir üzümdə deyəsən.
Kağız bilmir, boya bilmir məhəbbətim?
Məni rahat qoya bilmir məhəbbətim.

Edam eləmək istəyir.
Bu gecə yuxuda edam eləyib.
Adam eləmək istəyir məni.
Bu səhər sanıb ki, adam eləyib.
Nə düzəldə bilir məni,
Boynumu da vura bilmir,
Dərimi də soya bilmir məhəbbətim,
Məni rahat qoya bilmir məhəbbətim.

Gözlərinə baxa-baxa edilən hər günah üçün,
Gözlərdə gizlənən o günəş üçün,
Silah üçün,
Atəş üçün,
Gözlərimi oya bilmir məhəbbətim,
Amma..
Məni rahat qoya bilmir məhəbbətim.

18.08.2010
20:37
Brüssel

Share and Enjoy:
  • Digg
  • del.icio.us
  • Facebook
  • Google Bookmarks
  • LinkedIn
  • Technorati
  • Twitter