Şairanə fikirlər.
Archive for April, 2010
Biz və çərçivələrimiz
Apr 30th
Biz çərçivələrimizi necə sevirik. Elə bil, bizi biz edən çərçivələrdir. Kimliyimiz də, həyatımız da, düşüncə və hərəkətlərimiz də, hamısı çərçivələrə görə qurulur.
Mayenin istənilən qabın formasını aldığı kimi, ruhumuzu çərçivələrə qoyub istənilən formanı verirlər şəxsiyyətimizə. Kimlər edir bunu? – Hamı. Bizi sevənlər sevdiklərimiz, ailəmiz, dostlarımız, müəllimlər, cəmiyyət, qanunlar. Siyahı sonsuzdur.
Sən ya müxalifətçi, ya iqtidarçı, ya da bitərəf ola bilərsən. Sən ya qız olmalısan ya oğlan. Qızsansa, ya “ev qızısan”, ya da “gəzəyən”. Oğlansansa, ya “çmosan”, ya da “bomba”. Misallar çoxdur. Saysam qurtarmaz.
Cəmiyyətimiz san ki binar sistem də olmasa, qorxunc dərəcədə ona oxşar, bəlkə də ondan da pis olan sistemlə işləyir. 1 deyilsənsə, avtomatik olaraq 0-san.
Bizə nə qalır? Mənasız, irrasional üsyan? İkinci keçid dövrü? Psixo-emotiv musiqiyə qulaq asıb yeni bir qrupa, yeni bir çərçivəyə daxil olmaq? İstifadə olunub görünməz əlin oynatdığı marionet oyuncağa çevrilmək? Bəlkə, ailə və dostları “qırmamaq” üçün sadəcə susub razılaşmaq?
Hansı daha doğrudur? Kim bilir?
Çərçivələrdən qurtulmağın hansı yolu var?
Cəmiyyətə qarşı nifrət, cəmiyyəti dəyişmək, onun üzərində iş aparmaq. Bu o qədər Qərbi yanaşmadır ki. Öz şəxsi konfortuna dünyanə dəyişərək çatmaq. Qərb insanının ən böyük arzusu – Dünyanı daha da yaxşı etmək. Bir baxın, necə də yaxşılaşıb dünya! Hamı xoşbəxt, tox, sağlam! Bütün dünya toy-bayram edir.
Bir də, inqilab üçün 6 nəfər lazımdırsa, üsyan üçün ondan bir az çox lazımdır yəqin ki. Odur ki, yenə də Qərbin ən gözəl ixtirası – manipulasiya, kütləni idarəetmə.
Mən Şərqi yanaşmanı daha çox sevirəm. Dünyaya uyğun olmaq üçün özünü yaxşılaşdırmaq. Cəmiyyətə deyil, Dünyaya. Şərq insanı düşünür ki, Dünyanı hansı qüvvə yaradıbsa, mükəmməl yaradıb. Odur ki, ona uyğun olmağa çalışmaq lazımdır. Nə qədər inkişaf etsən, istər intellektual, istərsə də ruhi cəhətdən, o qədər çərçivələri genişləndirə biləcəksən. Sonradan isə, çərçivələri yox edə bilməsən də, sonsuzluğa qədər uzaqlaşdıracaqsan.
Mən insanam.
Apr 12th
Mən insanam.
Tənimə min can, bədənimə min ruh yaşayır.
Sayılmaz qədər sonsuz kainat yerləşir bədənimdə.
Mən insanam.
Ziddiyyətlərlə dolu fikirlərim ümmanlara oxşayır.
Torpaqda var, səmalarda vətənimdə.
Mən insanam.
Eyni zamanda bütün cəhətlərə baxa bilərəm.
Daxilimə gedən yol, Kainatın sonsuzluğuna gedəndən daha uzundur.
Mən insanam.
Qaya kimi dayana, sular tək axa bilərəm.
Fikirlərimdən keçən yol dağ yollarından daha təhlükəli, daha uzundur.
Mən insanam.
Bəli düşünüb xeyr, xeyr düşünüb bəli deyirəm.
Hər iki rəqibin tərəfini saxlaya bilərəm.
Mən insanam.
Məndən fərqlisinə dəli deyirəm.
Bağlı qapıları bir də bağlaya bilərəm.
Mən insanam.
Gözlərimin dərinlikləri ümman axınlarından qəddardır.
Baxışlarımın bizi nizələrdən dərin kəsir.
Mən insanam.
Mənə dörd divar çox geniş, bütün dünya isə dardır.
Nəfəsimin ən amansız küləklərdən güclü əsir.
Mən insanam.
Qorxaqlığım cəsarətimin güc mənbəsidir.
Ölümün olması həyatımı zənginləşdirir.
Mən insanam.
Yaxşılıq arzum arzuların ən pisidir.
Ayırmaq istəyim ayrılanları birləşdirir.
Mən insanam.
Yalanlarım həqiqət bulağına aparır.
İnamım tərəddüd, tərəddüdüm inam doğurur.
Mən insanam.
İradəm dağ yarıb tufan qoparır.
Əllərim daşlardan xəmir yoğurur.
Mən insanam.
13.04.10 00:56
Azadliq
Apr 12th
Xahiş etdim
Ulduzlardan azadlığımı
Geri.
Dedilər “Gəl götür”.
Yola düşdüm
Yolu dəf etdikcə,
Azadlığıma yaxınlaşdığımı
Hiss etdim.
Yer gözümə toz görünəndə,
Ulduzların birinə rast gəldim.
Dedim “Burdayam,
Ver azadlığımı!”
Güldü, dedi: “Azadsan artıq”.
Sonra gəzintiyə dəvət etdi.
01/08/09
22:54
Verviers-Lloret del Mar yolunda
Müstəqillik zəmanəti
Apr 12th
Sponsorinq planının təşkilat müstəqilliyi üçün xeyiri
İstənilən təşkilatın, xüsusən də gənclər təşkilatının, maddi asılılıq riski ilə qarşılaşmasına ehtimal çoxdur.
Bu səbəbdən, təşkilat ya maddiyyat tələblərinə üzvləri tərəfindən cavab verməlidir, ya da sponsorinq-partnership proqramlarını tədbiq etməlidir.
Sponsorinq – təşkilatın nəinki istənilən qurumdan maddi asılılığını, həmçinin həmin qurumun təşkilat fəaliyyətinə müdaxiləsinə imkan vermir.
Əgər təşkilat büdcəsinin bir və ya iki əsas mənbəsi varsa, yaxud büdcənin əksər hissəsi bir mənbədən gəlirsə, bu – istər obyektiv, istərsə də subyektiv olaraq – təşkilatın azadlığına xələl gətirir.
Təşkilat, effektiv işləmək üçün, hədəf qrup(lar)la sıx işləməli və onların inamını qazanmalıdır. Məlumdur ki, təşkilatın nəinki daxilində, həm də xaricində hörmət qazanması zəruridir. Bu səbəbdən, İdarə Heyəti üzvlər tərəfindən seçildiyi üçün(general assembly), heçbir qərarının şübhə altına alınmasına icazə verməli deyil. Bu əsas qərarların motivasiyası və publicity prinsipinin tətbiqi ilə əldə edilə bilər. Beləliklə, təşkilat bütün qərarlarını müstəqil şəkildə almalı və heçkəsin buna şübhə etməsinə əsas və imkan verməli deyil. Beləliklə, əgər hamı təşkilatın tam azad, müstəqil olduğunu bilsə və buna inansa, təşkilat hədəf qrup(lar)la inam və etibar əlaqələrini qura bilər. Əks halda, bu mümkün deyil.
Sponsorların hamısından eyni miqdarda köməyin istənilməsi onlardan heçbirinin təşkilat üzərində təsir və təzyiq vasitəsinin olmamasını təmin edir.
Əgər təşkilatın 5 sponsoru varsa, və hər biri illik X avro miqdarında kömək edirsə, təşkilat onların heç birindən asılı olmayacaq və onların heç birinin təşkilatın fəaliyyətinə müdaxilə etməyə haqqı olmayacaq.
Dəli dərvişlə görüş
Apr 5th
[...]
Yolumu sonradan səhraya saldım,
Qumların rəqsinə lap heyran qaldım.
Gördüm ki, səhrada tənha dolanan,
Dodağı çatlamış, halı pərişan
Qeys gəzir.
Baxdım və məəttəl qaldım.
Sevgidən səhrada gizlənən Məcnun
Elə bir ah nalə çəkdi ki o an,
Həm mənim könlümdə,
Həm də ki onun
Səhra günəşinin altında donan
Sevgi göz yaşları qar olub yağdı.
Gözləri göy rəngdə,
Saçlardı ağdı.
Mənə yalvarışla bir qədər baxdı,
Sonradan dedi ki, dərdi necədir:
Gündüzlər incidir onu səhrada.
Yazığın xilası ancaq gecədir.
Leylaya qovuşur gecələr ancaq.
Fəqət bilir ki, yenə də günəş çıxacaq.
Bilir ki, sonralar onu ya qorxaq,
Ya igid, ya yazıq deyib şairlər.
Ancaq heç incimir, gəlin bir baxaq,
Şairlər nəqədər səhvlər deyirlər.
Qələmdə olsa da bütün Həqiqət,
Şairin əlləri insan əlidir.
Yaxşı niyyəti var, bilirik, fəqət
Şairlər adətən bir az dəlidir.
Məcnun da bir qədər şairdir axı,
Demək ki, yaxşı tanıyır o bu günahı.
Bu dəli dərvişi gecəyə ismar
Eyləyib,
Getdim ki, ümmana qılım tamaşa.
[...]
17/03/2010
T-Shirt’lər
Apr 4th
T-Shirtlər təşkilata üzvlüyün bir hissəsidir.
T-Shirt üzərində təşkilatın logosu, ilin lozunqu və sponsorların logoları yer alır.
T-Shirt illik üzvlük haqqına daxildir və üzvlük simvolu kimi verilir.
T-Shirtlər müəyyən xərc tələb etsə də, təşkilatın simvolikasını daşıdığı üçün, olduqca effektiv marketinq üsulu olacaq.
Eyni zamanda, T-Shirt`ün yetərincə maraqlı olması üçün, onun üzərində kifayət qədər original lozunq olmalıdır. T-Shirt müxtəlif tədbirlərə, gəzintilərə birgə geyinilə bilər.
T-Shirtlər üçün bu sahədən bir sponsorun tapılması daha münasibdir.
AYSAB – Maliyyə mənbələri və müstəqillik
Apr 4th
AYSAB 3 fərqli maliyyə mənbəsi nəzərdə tutub:
- Sponsoring
- Üzvlük haqqı
- Fərdi maddi dəstək
1. Sponsoring
Təşkilatın demək olar ki bütovlüklə sponsorlar tərəfindən maliyyələşməsi, AYSAB-ın müstəqilliyi üçün daha bir zəmanətdir.
Sponsorlar maddi (pul və ya digər formada) dəstəklərinin qarşılığında AYSAB websaytı və – maddi imkanların genişlənməsi ilə daha tez-tez təşkil olunan – tədbirlərdə (i.e. afişalarda) reklam, təşkilat üzvlərinin marağını qazanırlar.
Sponsorlar heç bir halda təşkilatın fəaliyyətinə müdaxilə edə bilməzlər.
Sponsorların loqosu təşkilatın T-shirtlərində də əks olunacaq. (T-Shirtlər haqda bir az sonra)
Sponsorluq yenilənə bilən illik müqavilələr əsasında qurulur.
2. Üzvlük haqqı
Üzvlük haqqı illik olaraq, üzvlər üçün 10 avrodur. İdarə Heyəti, seçildikdən sonra, daha 10 avro əlavə etməklə, üzvlük haqqlarını 20 avroya qaldırırlar.
Üzvlük haqqı illik 10-20 avro olması, sadəcə committement`in maddiləşməsi üçün, simvolik xarakter daşıyır.
3. Fərdi maddi dəstək
Fərdi maddi dəstək təşkilata təmənnasız və könüllü şəkildə olunur. Bu kömək təşkilat simasında heç bir məcburiyyət yaratmır.
Fərdi maddi dəstək istənilən məbləğdə pul və yaxud digər formada yardım ola bilər. Bu haqda xəzinədar İdarə Heyətini dərhal, üzvləri isə illik hesabat vaxtı xəbərdar edir.
AYSAB – Azerbaijani Youth and Students` Association in the Benelux
Apr 4th
Artıq yeni zaman başlayıb. Artıq dəyişmək, dəyişdirmək zamanıdır. Azərbaycandan dövlət proqramı və öz hesabına Benilüks, və xüsusən də Niderland krallığına, təhsil almağa gələn tələbələrin sayını və onların fəaliyyət motivasiyalarını nəzərə alsaq, artıq onların təşkilatlanmağa hazır olduqları görünür. Digər tərəfdən, Benilüksda azərbaycanlı gənclər təşkilatının olmaması da olduqca üzücü haldır. Gənclər Koordinasiya Şurası, istərsə də Veten.be adı altında birləşən gənclər təcrübə çatışmamazlığı və maddi çətinliklər üzündən fəaliyyətlərini artıq ancaq çox kiçik miqyasda davam etdirə bilirlər. Ötən illərin təcrübəsini, çətinlikləri və indiki mühiti nəzərə alaraq, yeni təşkilatın yaranmasına ehtiyyac var.
Apolitik, maddi cəhətdən güclü və eyni zamanda müstəqil. Daha böyük potensial və daha böyük imkanlara malik olan bir təşkilat.
Şəbəkələşmə, əyləncə, akademik və “soft lobbying” istiqamətlərini özünə əsas tutan bu qurum artıq diaspora təşkilatı deyil, daha açıq, ətrafdakı reallıqlara daha münasib olacaq. Gənclərin və tələbələrin təcrübə mübadiləsinə imkan yaratmaq, yeni tələbələrin ilk addımlarında onlara kömək edə bilmək təşkilatın əsas məqsədlərindən sayıla bilər.
Diaspora təşkilatlarından fərqli olaraq, AYSAB qeyri-azərbaycanlı təşkilatlarla və Avropada fəaliyyət göstərən digər gənclər təşkilatları ilə əlaqə yaratmağı öz fəaliyyətinin ayrılmaz qolu kimi qəbul etməlidir.