Dəftəri-Pünhan
Getmək istəyirsən, bəhanəsiz get…
Getmək istəyirsən, bəhanəsiz get,
Oyatma mürgülü xatirələri.
Səsin həmin səsdir, baxışın ögey,
Gedirsən səsin də yad olsun, barı.
Sən dəniz qoynuna tullanmış çiçək,
Üstünə dalğalar atılacaqdır.
Saxta məhəbbətin saxta sənəd tək,
Nə vaxtsa, üstündə tutulacaqdır.
Demirəm, sən uca bir dağsan, əyil,
Demirəm, əlacım qalıbdır sənə.
Nə səndə məhəbbət qara pul deyil,
Nə mən dilənçiyəm, əl açım sənə.
Döşənim yollar tək ayaqlarına,
Sənə yalvarım mən, bu mümkün deyil.
Qoymaram qəlbim tək vüqarım sına,
Alçalıb yaşamaq ömür-gün deyil.
Getmək istəyirsən, o yol, o da sən,
Bir cüt göz baxacaq arxanca sənin.
Getdinmi, geriyə dönmək istəsən,
Tikanlı yastığa dönəcək yerin.
Getmək istəyirsən, nə danış, nə din,
Yox ol uzaqlar tək dumanda, çəndə.
Nəyimi sevmişdin deyə bilmədin,
İndisə, yüz eyib görürsən məndə.
Getmək istəyirsən, bəhanəsiz get,
Oyatma mürgülü xatirələri.
Səsin həmin səsdir, baxışın ögey,
Gedirsən səsin də yad olsun, barı…
Nüsrət KƏSƏMƏNLİ.
| Print article | This entry was posted by Musa Punhan on January 4, 2009 at 22:23, and is filed under Dahilərdən. Follow any responses to this post through RSS 2.0. You can leave a response or trackback from your own site. |
