Tələbə illərində, Ramiz Baba dayısının yanına getmişdi. Onlar arasında o vaxtlar üçün qəribə bir söhbət baş tutub.
- Dayı, hər zaman Allah deyirsiniz. Yaxşı, bəs Allah nədir?
- Oğul, yer kürəsi öz oxu ətrafında fırlanır. Niyə belə olur?
Ramiz Baba bu fenomeni izah edən astronomiya qaydalarını yadına salır.
- Yaxşı, bəs Yer kürəsi günəş ətrafında fırlanır. O necə olur?
Ramiz Baba bunu da izah edir.
- Yaxşı, bəs bütün Günəş sistemi eyni zamanda hərəkət edir. Bunu hansı qanun ilə izah edə bilərsən?
Ramiz Baba burada da Keppler adında bir alimə istinad edərək prosesi izah etdi. Ona gülümsəyərək baxan Dayısı, belə cavab verdi.
- Bax bütün bu qanunları işlədən qüvvəyə biz Allah deyirik.
Həqiqi mübariz dünyada həmin bu Qüvvənin mövcud olduğunu heçvaxt unutmur
Həqiqi mübariz heçkəsi qınamır.
Həqiqi mübariz, özünün də, hamı kimi, Allahın bəndəsi olduğunu unutmayaraq, özünü heçkəsdən üstün tutmur.
Həqiqi mübariz, hərənin öz həyatı olduğunu unutmayaraq, hər kəsə öz şəxsi fikri, mövqeyi və həqiqətinin olması haqqını tanıyır.
Həqiqi mübariz özündən fərqliləri, fərqlilikləri ilə sevir. Fransız Mübarizi Antuan de Sent-Ekzüperi yazır : « Fərqliliyinlə, sən məni zənginləşdirirsən ». Bunu unutmayan mübariz, ona bənzəməyən insanları nəinki olduqları kimi qəbul edir, həm də onların özündən yaxşı olmasını istisna etmir və, lazım olanda, onlardan nəyisə öyrənməyi özünə eyib bilmir. Eyni zamanda, heçkəsin təsiri altına da düşmür.
Həqiqi mübariz heçkəsi qınamır. Hökmü ancaq Yaradan verə bilər.
Həqiqi mübariz nə yaxşılığı, nə pisliyi unutmur. Bununla belə, yaxşılıq üçün minnətdar olsa da, pisliklər üçün kinli olmur.
Həqiqi mübariz onu yolda tərk edən silahdaşlarını qınamır. O bu qırılmanın səbəblərini axtarır və olunan satqınlığa baxmayaraq, keçilən yol ərzində bərabər apardıqları mübarizəni və birgə əməklərini də unutmur.
Həqiqi mübariz, ona olunan yaxşılığı xatırlatmaq imkanını vermir. O, dinmədən, özündə dərin hörmət və minnətdarlığı daim daşıyır.
Həqiqi mübariz satqınlığı da unutmur. Kin hissinə diqqət etməsə də, gələcək üçün nəticələr çıxarır və qarşılığında pislik etməsə də, kimin nəyə qadir olduğunu xatırlayır.
Həyat boyu bütün insanlar mütamadi olaraq seçim qarşısında dururlar.
Bəzən həyat bizə “dəliliklər” təklif edir. Uzun səfərlər, həyatı kökündən dəyişmək və yaxud da bizdən gözlənilənin tam əksini etmək.
Həqiqi mübariz bu təklifləri rədd etmir. O, özünə inanaraq, istədiyinə doğru irəliləməklə bərabər, həyatın axarına atılmağı da bacarır. Yolçuluğuna fasilə verib, daha da təkmilləşmək üçün müvəqqəti olaraq digər istiqamətə gedən cığırı seçməkdən qorxmur. Əgər bu yol doğurdan da onundursa, o bura daha da çox əminliklə və inamla qayıdacaq.
Həqiqi mübariz qərar verməkdən qorxmur. Əgər qərar verməyə cürət etmirsə, ağlını işdən kənarlaşdırıb, hisslərinə qulaq asır.
Həqiqi mübariz, qərarının nəticələrindən qorxmur. Əgər qərarı doğrudursa, hər şeyə nail olacaq. Əks halda, səhvini tanıyıb sonuna qədər mübarizə edib məğlubiyyətini qəbul edir və yaxud mübarizədən kənarlaşıb başqa vasitə axtarır, səhvindən isə nəticə çıxarır.
Həqiqi mübariz qərarını dəyişməkdən qorxmur. Əgər öncədən verilən qərar düzgün deyilsə və başqalarına zərər gətirə bilərsə, o daha münasib yolu seçməkdən utanmır. Silahdaşlarının və rəqiblərinin tənqidinə baxmayaraq, o öz qərarının və seçiminin həqiqi səbəbini bilir.
Həqiqi mübariz qorxmaqdan qorxmur, ancaq qorxaqlıq da etmir.
Deyirəm eşq olsun =)
Bir zamanlar Vətənə dönüşümdə kiçik bir dərvişlik etmək istəyirdim. Elə indi də istəyirəm. Ayaqla Bakıdan kəndimizə qədər getmək. İnsanlarla danışmaq, öyrənmək, öyrətmək. Başa düşüb, başa salmaq. Xülasə, insanlaşmaq gözəl olardı.
Son bir-neçə həftə ərzində isə belə bir fikir ağlımdan çıxmır. Ali məktəbə daxil olmadan əvvəl sufilərin yanında bir müddət yaşamaq. Məsləhət almaq üçün münasib insan, çox şükür ki, var. Gərək danışım, fikrini öyrənim. Öncəki yazımı nəzərə alaraq, bunu etmək mənə çox şey gətirə bilər. İlk növbədə elə “insanlaşmaq” üçün.
Bu internetsiz vaxtlarımda qısa yazılara maraq daha da artır. Bu gün belə bir fikir gəldi beynimə: insana həyatında müəyyən qədər şanslar verilir. Zənginlik, kamillik, uzaq diyarlara səfərlər və sair kimi. Bu şanslardan istifadə etmək isə o qədər də asan deyil. Bunun üçün gözü-bağlı özünü həyatın axarına buraqmalısan. Kim üçünsə bu çox gözəl, kim üçün isə acınacaqlı nəticələnə bilər. Ancaq məncə bunu yaşamağa dəyər. Bu risk insanı kökündən dəyişir və məncə çox az hallarda xeyir gətirmir.
Qar da yağdı, qış da gəldi, mühit də dəyişdi. Nələr olmadı… Ancaq yenə də nəsə çatışmır. Dəyişməyən bircə Flora xanımın oxuduğu mahnıdır.
“Yenə tapılmadı, payız gəlincə, o uzaq günlərin itmiş açarı”.
Hər bir insan həyatı boyu nələrisə öyrənir, bəzi keyfiyyətlər isə onda öncədən olur. Bu qısa həyatım boyu etdiyim saysız-hesabsız səhvlərə baxmayaraq, ən azından bir şeyi etməyi hər zaman üstün tutmuşam – “hə” fikirləşəndə “hə”, “yox” fikirləşəndə isə “yox” deməyi.
İnsanlar bizi sevir, nifrət edir, hörmət edir, inanır, qınayır, ucaldır, alçaldır… Belə düşünmək olar ki, bizim kim olduğumuz ətrafımızdakı insanlardan asılıdır. Müəyyən dərəcədə bu bəlkə də belədir, ancaq əslində, kimliyimiz ancaq və ancaq bizdən asılıdır. Ən bahalı paltarı geyinib ətrafınızdakıların diqqət mərkəzinə çevrilsənizdə, ən adi geyimdə nəzərə çarpmasanız da, siz eyni insansınız. Sadəcə olaraq, zəifliyimiz üzündən, ətrafdakıların rəyi müsbət olduqca, özümüzə inamımız da artır. Əgər “dünya malından” gözümüzü çəksək, buna ehtiyyacımız olmayacaq və biz fikrimizi şəxsi inkişafımızda cəmləşdirə biləcəyik.
Cəsarət də, ağıl kimi, işlənməyəndə köhnəlir və paslanır.
Uzun müddət cəsarətsizlik edən və qarşıdurmalardan qaçan hər kəs müəyyən vaxtdan sonra qorxağa çevrilir. Cəsarətli olmaq üçün, cəsarətli addımlar atmaq lazımdır.
Kiçik qarşıdurmalardan qaçan hər bir kəs əsas döyüşdə cəsarət göstərə bilməz. Cəsarətinizi durmadan itiləyin.