Mübarizə zamanı qərar verərkən, olduqca diqqətli və ehtiyyatlı olmaq lazımdır, çünki ətrafınızdakılar – dostlarınız, silahdaşlarınız, məsləhətçiləriniz – qərarınıza təsir etməyə cəhd göstərəcəklər.
Qərarlarınız və addımlarınız dürüst, ədalətli və obyektiv olmalıdırlar. Hər bir seçimizin sizin öz seçiminiz olmalıdır. Ətrafınızı dinləsəniz də, qərarı özünüz verməlisiniz və sizə verilən məsləhətlərə böyük şübhə ilə yanaşmalısınız. Bu ona görə deyil ki, sizə deyilənlər səhv olacaqlar, qətiyyən. Sadəcə olaraq, hər kəsin öz həqiqəti var və sizin yolunuz və mübarizəniz üçün ən böyük həqiqət elə sizin öz həqiqətinizdir. Mübarizənizə münasib ədalət və dürüstlük yalnız sizə bəllidir. Ətrafınızdakılar isə sizə öz qərarlarını sırımaq istəyəcəklər.
Buna iki səbəb var. İnsanlar hər zaman özlərinin atmağa cürət etmədiyi addımların başqaları tərəfindən edilməsini istəyirlər. Həm əziyyət, həm də risklər – bu insana dost desələr belə – başqasının üzərinə düşür, eyni zamanda isə seçimlərinin düzgün vəya qeyri-düzgün olduğunu yoxlaya bilərlər. Özləri isə kənardan bunu müşahidə etmək imkanını qazanırlar. İkinci səbəb isə, həmin addımın onların xeyrinə olduğudur, halbu ki onun sizin ziyanınıza olduğunu çox gözəl bilirlər.
Buna görə də, heçkəsin qərarını olduğu kimi qəbul etməyin. Onu özünüzə və mübarizənizə uyğunlaşdırın. Öz qərarlarınıza isə kənardan baxıb qiymət verməyi bacarın.
…və ən əsas qaydanı unutmayın: özünüzə qarşı qəbul etmədiyiniz münasibəti başqalarına qarşı da tədbiq etməyin.
Tags: Dəyərlər, Fikir, Mübarizə, Qərarlar, Ədalət
Posted in Mübarizə yolunun qaydaları |